ABŞ-ın Karibdəki hərbi varlığı və dərin məqsədləri
ABŞ prezidenti Donald Tramp Karib dənizindəki hərbi gəmilərin mövcudluğunu “narkotiklə mübarizə” kimi xarakterizə etsə də, pərdə arxasında daha dərin hesablaşmalar gizlənir. Enerji marşrutları üzərində nəzarət, Çin və Rusiyanın regiondakı artan təsirini azaltmaq cəhdləri, Venesuelada Maduro hakimiyyətini zərərsizləşdirmə planları və bölgənin kəşfiyyat şəbəkələrini yenidən qurmaq niyyəti bu addımların əsas səbəbləri arasındadır.
Hazırda Latın Amerikasında təkcə kartlar yenidən paylanmır, həm də supergüclərin güc nümayişi baş verir. ABŞ-ın Əfqanıstan–İran–Kolumbiya xəttini əhatə edən narkotik ticarəti üzərində nəzarət qurmaq cəhdləri bu mübarizənin iqtisadi və geosiyasi ölçülərini genişləndirir.
ABŞ Hərbi Dəniz Qüvvələrinə aid səkkiz hərbi gəmi, o cümlədən "Gerald R. Ford" aviadaşıyıcısı, üç "Arleigh Burke" sinifli destroyer, üç amfibiya hücum gəmisi, bir kreyser və bir sahil mühafizə gəmisi Karib bölgəsinə, xüsusilə Trinidad və Toqoya yerləşdirilib. Bu gəmilər dəniz piyadaları, pilotsuz uçuş aparatları, təyyarələr və Sahil Mühafizəsi bölmələri tərəfindən dəstəklənir. Eyni əməliyyat bölgəsində çox sayda F-35 və digər döyüş təyyarələri də fəaliyyət göstərir.
"Sülh" adı altında müdaxilə və ABŞ-ın xarici siyasəti
Donald Tramp özünü dünyaya sülh gətirən lider kimi qələmə verərək, hətta Nobel Sülh Mükafatına layiq olduğunu iddia etsə də, reallıq tam əksini göstərir. O, dünya miqyasında qlobal münaqişə və xaosa səbəb olan bir lider olub və bu istiqamətdə "müharibə nazirliyini" də təşkil edib. ABŞ-ın xarici siyasətinin illər ərzindəki inkişafı konkret bir faktı ortaya qoyur: İkinci Dünya müharibəsindən sonra dünyada xaos və müharibələrə səbəb olan əsas ölkə məhz ABŞ olub. ABŞ dövlət ağlı liderlərin seçki nəticələrini təsdiqləsə də, xarici siyasəti özü müəyyən edir. Bu siyasət, Bushun İraq və Əfqanıstan, Obamanın Liviya və Suriya, Klintonun Bosniya və Kosovo, Bidenin Ukrayna və Qəzza müharibələrində "sülh" adı altında müdaxilə edən liderlər kimi səhnəyə çıxması ilə özünü büruzə verib. NATO isə ABŞ-ın legitim hesab etdiyi münaqişələrə “sülh” adı altında müdaxilə etmək üçün hazır saxlanılır.
Bundan əlavə, ABŞ təkcə bəzi bölgələrdə terroru dəstəkləmək və ya münaqişələrə zəmin yaratmaqla kifayətlənmir. Zəruri hallarda dövlət çevrilişləri də təşkil edir. Bunu ən çox qonşu Latın Amerikası ölkələri təcrübəsində yaşayıb. Beləliklə, vəziyyət Donald Trampın şəxsi mövqeyindən daha böyükdür.
ABŞ-ın Venesueladakı əsl məqsədi və Monro Doktrinası
ABŞ-ın dövlət çevrilişləri və müdaxilələri sistematik xarakter daşıyıb. İkinci Dünya müharibəsindən sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) müstəqil hərəkət etmək istəyən liderlərə qarşı 40-dan çox dövlət çevrilişi cəhdini təşkil edib. Latın Amerikasında qanlı proseslər və sola meyilli siyasi həbslər nəticəsində hakimiyyətdən kənarlaşdırılan liderlər arasında 1954-cü ildə Qvatemalada Arbenz, 1973-cü ildə Çilidə Allende, 1964-cü ildə Braziliyada Qulart, 1976-cı ildə Argentinada Peronist hökumətlər, 1989-cu ildə Panamada Noriega, 1991-ci ildə Haitidə Aristide və 2009-cu ildə Hondurasda Zelaya yer alır.
Yaxın Şərqdə isə 1953-cü ildə İranda Baş nazir Musaddıqın “Anglo-Iranian Oil Company” (indiki BP) şirkətini milliləşdirməsi nəticəsində CIA dəstəkli “Ajax Əməliyyatı” ilə devrilərək, Şah Rza Pəhləvi hakimiyyətə gətirilib və İran nefti Qərb şirkətlərinə yenidən açılıb. 2003-cü ildə ABŞ tərəfindən İraqda Səddam devrilib, İraqın neft ehtiyatları ABŞ və Britaniya şirkətlərinə açılıb. 2011-ci ildə Liviyada Afrika kontinentində neft-dinar əsaslı ortaq valyuta və müstəqil enerji sistemi qurmaq istəyən Qəddafi NATO müdaxiləsi ilə devrilib. Liviya parçalanıb və neft istehsalı Qərbin nəzarətinə keçib.
Bütün bu dövlət çevrilişləri təbii sərvətlər – ticarət yolları, neft, qiymətli metallar, qəhvə və nadir elementlər üzərində ABŞ hegemoniyasını saxlamaq məqsədi daşıyırdı.
Bir sözlə, ABŞ dünyanı idarə etmək üçün xaos yaradıb, çünki ABŞ dövlət ağlı xarici siyasətdə xaos və istismar üzərində qurulub. ABŞ dövlət ağlı Latın Amerikasını 1823-cü ildə Monro Doktrinası ilə özünün “arxa bağçası” hesab edib və bu doktrinaya 200 il sadiq qalıb. Hələ də bu doktrina ilə fəaliyyət göstərən ABŞ qarşımızdadır. Latın Amerikasındakı dövlət çevrilişlərinin daxili legitim üzü əslində bu doktrinadır.
Monro Doktrinası güclü olmaq üçün ABŞ-a daimi resurs tədarükü prinsipidir. ABŞ-ın İkinci Dünya Müharibəsində qələbə qazanmasında ən mühüm amillərdən biri də Venesuelanı "arxa bağça" kimi istifadə etməsi idi. İndi ABŞ bu resurslarını geri almaq istəyir.
Donald Trampın fərqi və Latın Amerikası hədəfi
ABŞ-ın resurs nəzarətinə yönəlik xarici siyasəti var idi, bu, Prezident Trampla başlamayıb. Tramp açıqsözlü, otel və kazino sahibi milyarderdir. Valilik, senatorluq kimi rəsmi vəzifə təcrübəsi olmadığı üçün söyləmlərini bürokratiyadan kənar formalaşdıran bir liderdir. Gücünün fərqindədir, kartlarını açıq oynayaraq sürətlə hərəkət edir və təşəbbüs göstərir. İctimai rəydə legitimlik onun üçün ikinci plandadır. Bu səbəbdən qəti şəkildə Qrenlandiya və Kanadanı istədiyini açıq şəkildə bildirib. Lakin bu, onun təkcə öz kabineti ilə aldığı qərar deyildi. O, birbaşa bəyanatlarla reaksiyaları öyrəndi, ictimai rəyi yoxladı və sonrakı proseslə bağlı mövqe müəyyənləşdirdi.
Digər tərəfdən, Tramp fəaliyyət baxımından özündən əvvəlki prezidentlərdən fərqli hərəkət etmir. Onların hamısı İsraillə müttəfiq idi, Nobel Sülh Mükafatı alan Obama dövründə belə hərbi əməliyyatlar həyata keçirilib və Klinton dövründə isə Balkanlara müdaxilə gündəmdə idi. Tramp dövründə isə ABŞ masasında Monro Doktrinası və Latın Amerikası var.
Prezidentin vəzifəsi, seçilmiş liderin verilən tapşırığı necə yerinə yetirəcəyi və bəyanatı necə formalaşdıracağı ilə bağlı bir prosesdir. Obama və Klinton ictimai rəyi qarşılarına almadan, "legitimləşdirmə" yolu ilə beynəlxalq müdaxilə edilməsinin vacib olduğunu düşünürdülər. Saksofon çalaraq və ya özünü çəkərək xalqa simpati görünməyə üstünlük verirdilər. Prezidentlik meyarı isə proses deyil, onlara verilən vəzifədə nə dərəcədə uğurlu olmaları ilə bağlıdır.
ABŞ Kolumbiyaya, Venesuelaya, Meksika və Braziliyaya müdaxilə edərmi? Dövlət çevrilişi edə bilər. Bunun üçün Venesuelada diktator rejim təəssüratını dünyaya Nobel Sülh Mükafatı adı altında sırıdı. Dövlət katibi Marko Rubionun mətbuat açıqlaması maraqlı idi: "Kolumbiyadakı qurumlar, xüsusilə ordu və polis hələ də ABŞ-a sadiqdir. Lakin Kolumbiyadakı tək problem başındakı dəli prezidentdir. Bu adam ağlını itirib." Yəni Kolumbiyada mandat/müstəmləkə idarəçiliyi tətbiq ediblər. Orada dövlətin içinə girib, dövlət daxilində başqa bir dövlət kimi idarə ediblər. Suveren müstəqil bir ölkənin polisi və ordusu yalnız öz dövlətinə sadiq olar. Bu açıqlama artıq ABŞ-ın Kolumbiyadakı varlığını və əməllərini göstərməyə kifayətdir.
Nəticə etibarı ilə, uğurlu olmaq istəyən Tramp var və masada ona verilən vəzifə Latın Amerikasını yenidən ABŞ üçün "arxa bağça" etməkdir. Hansı arqumentləri necə istifadə edəcəyini birlikdə görəcəyik.
Kolumbiya və "Plan Kolumbiya": Narkotiklə mübarizə yoxsa nəzarət?
Bu məsələni anlamaq üçün keçmişə baxmaq lazımdır. 2000-ci illərə doğru Latın Amerikasında sol dalğanın yenidən yüksəlməsi və ABŞ-dan qopmaların başlaması ilə ABŞ da boş durmayıb, regionda Kolumbiyanı özünə hərbi nəzarət mərkəzi edib. Sol təşkilatlar və narkotiklə mübarizə şüarı ilə ABŞ, Kolumbiyaya 2000–2020-ci illər ərzində “Plan Kolumbiya” çərçivəsində təxminən 10–12 milyard dollar investisiya və hərbi xərclər ayırıb. Lakin 20 ildə narkotiklə mübarizə uğurlu olmayıb, yoxsulluq və cinayət ciddi şəkildə azalmayıb. Lakin istənilən baş verib və Kolumbiya ABŞ-ın "arxa bağçası" kimi fəaliyyət göstərib. Venesuela kimi ölkələr də buradan nəzarət edilib və resursları ABŞ tərəfindən idarə edilib.
Ağlılarda həmişə bu sual var idi: ABŞ Kolumbiyada 20 il narkotiklə mübarizə aparırdı, yoxsa nəzarət edirdi? Eyni suallar eyni dövrə təsadüf edən ABŞ-ın illərlə davam edən Əfqanıstan əməliyyatlarında da gündəmdə idi. ABŞ uğurlu ola bilmədi, bəs niyə bu qədər zəhmət və pul sərf etdi, əvəzində nə əldə etdi?
ABŞ Əfqanıstandan İrana keçən narkotik ticarət xəttinə, İran-Venesuela xəttinə və Kolumbiyaya strateji nəzarət etməyə çalışırdı. Bu bölgələr dünya narkotik ticarətində kritik nöqtələrdir. Bir tərəfdən də Venesuelanı ciddi dövlət çevrilişi cəhdləri və sanksiyalarla təzyiq altında saxlamağa çalışırdı.
Latın Amerikasında İran, Hizbullah, Çin və Rusiyanın rolu
Bir məsələ Hizbullahın Livan ağırlıqlı diasporası ilə bölgədə İranın güclənən şiə nüfuzudur. Livan vətəndaş müharibəsi ilə İran və Hizbullaha aid böyük kütlələr Latın Amerikasına, xüsusilə Venesuelaya köç etdilər. İllər keçdikcə İran Əhmədi Nejad dövründə Huqo Çaveslə çox sıx əlaqələr qurdu. İranın Hizbullahının qara pul və narkotik ticarətindən maliyyə topladığı, Venesueladan alıb Afrika bazarına satdığı barədə iddialar da gündəmə gəldi. ABŞ bundan narahat idi. Müttəfiqi İsrailin düşməni İran Latın Amerikasına nüfuz edirdi.
Günümüzdə isə Venesuela, Kolumbiya, Braziliya, Meksika və Kuba kimi ölkələr ABŞ-a qarşı dururlar. Üstəlik, Çin və Rusiyanın dəstəyi, həmçinin İranın bazara daxil olması ilə sanksiyaları dəf etmək üçün dayaq nöqtələrinə malikdirlər. İllərdir ki, Çinin ABŞ-ın "arxa bağçası"nda böyük yatırımları var. Yəni, "arxa bağça" düşmən blokunun əlinə keçmək üzrədir. Nəhəng neft, təbii qaz və mədən yataqlarından, üstəlik dünya ticarətinin axdığı ən mühüm nöqtələrdən biri olan Panama Kanalından vaz keçmək istəməyən ABŞ, Tramp dövründə bu bölgəyə yönələcək. Əks təqdirdə, hamısını itirəcək və cinayət kartelləri də düşmən xəttinin orbitində hərəkət edəcəklər və yeni dünya düzənində ABŞ xəritədə öz bayrağı ilə mövcud olmayan, lakin istifadə hüququ ona məxsus olan bu qitəni itirəcək.
Latın Amerikasında "Yeni Soyuq Müharibə" başlayır?
Bu gün Latın Amerikasında yaşanan dəyişiklik təkcə ideoloji deyil, həm də geosiyasi bir qırılmadır. ABŞ, Yaxın Şərq və Asiyada olduğu kimi, burada da hegemoniyasını qorumaqda çətinlik çəkir. Qitə ölkələri artıq tək bir qütbə yaslanmaq əvəzinə İran, Çin, Rusiya və hətta Türkiyə kimi aktorlarla çoxşaxəli diplomatiya yürüdürlər. Latın Amerikası uzun illər "dövlət çevrilişləri qitəsi" kimi anılıb. Amma bu gün tablo dəyişir: xalqlar keçmiş dövlət çevrilişlərini, müstəmləkəçiliyi və xarici müdaxilələri unutmayıb, bu dəfə eyni oyunlara aldanmaq fikrində deyillər.
Yekun olaraq qeyd etmək lazımdır ki, ABŞ Latın Amerikasından vaz keçməz, çünki bu, dövlət doktrinası kimi qeydə alınan tarixi missiyasıdır. Trampın bu bölgəni istəməsi də ABŞ dövlət siyasəti ilə bağlıdır. Latın Amerikası isə artıq ABŞ orbitindən qurtulmağa niyyətlidir. Çin, Rusiya, İran bu bölgədə maliyyə və müdafiə sahəsində ciddi dəstəkçilərdir. Son olaraq, narkotik kartellərinin də müstəqil deyil, ölkələrlə əlaqəli olduğunu söyləmək mümkündür.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz